MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MİLLİ MƏCLİSƏ TƏKRAR SEÇKİLƏRLƏ BAĞLI MƏŞĞƏLƏLƏR KEÇİRƏCƏKDİR
Məşğələlər aprelin 22-dək davam edəcəkdir.
Bu məşğələləri artıq bir neçə ildir ki, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən treninq qrupu keçirir. Üzvləri beynəlxalq qurumların təcrübə keçmiş və bu barədə sertifikat almış qrupa Mərkəzi Seçki Komissiyası Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov rəhbərlik edir.
Gün ərzində 2-3 məşğələ keçirilməklə 10 seçki dairəsinə daxil olan bütün dairə və məntəqə seçki komissiyalarının üzvləri tam tərkibdə treninqlərə cəlb olunacaqlar.
Əsasən rayon mərkəzlərində keçiriləcək məşğələlərin proqramı seçki siyahıları ilə iş, məntəqə seçki komissiyası üzvlərinin hüquq və vəzifələri, seçki sənədlərinin mühafizəsi, seçki prosesində aşkarlığın təmin olunması, müşahidəçilərin hüquq və vəzifələri, KİV nümayəndələrinin maneəsiz fəaliyyəti üçün imkan yaradılması, səsvermə prosesi və prosedurlarının müfəssəl izahını əhatə edir. İnteraktiv məşğələlərdə əyani vəsaitlərdən, və müasir avadanlıqdan istifadə olunacaqdır.
Səsvermə günü seçki məntəqəsinin açılışına hazırlıq və məntəqənin açılışı, səsverməyə başlanılması və onun gedişində ortaya çıxa bilən müstəsna hallar, səsvermədə iştirak etmək üçün tələb olunan müvafiq sənədlər, qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi, məhkəmənin qərarı ilə vətəndaşın seçkilər siyahısına əlavə edilməsi qaydası, seçki məntəqəsinin bağlanması, səslərin sayılması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması və s. mövzular da məşğələlərin proqramına daxil ediləcəkdir.