MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Avqustun 5-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Komissiya səslərin hesablanması haqqında dairə və məntəqə seçki komissiyaları protokollarının nümunələrinin müzakirəsini davam etdirmiş və həmin sənədlər təsdiq edilmişdir. “Azərbaycan Respublikası referendumu üzrə referendum məntəqəsində səslərin hesablanması haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması və yoxlanılması qaydaları”nda dairə və məntəqə seçki komissiyaları protokolları ilə uyğunluq təşkil edən dəyişiklik olunması qərara alınmışdır.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 8 saylı Yasamal dairə seçki komissiyasının üzvü E.Səfərovu, 90 saylı Füzuli dairə seçki komissiyasının üzvü Z.Əliyevi komissiya üzvlüyündən azad etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 23 saylı Binəqədi-Qaradağ dairə seçki komissiyasının üzvü K.Qasımov, 83 saylı Sabirabad-Saatlı dairə seçki komissiyasının üzvü T.Məlikova komissiya üzvlüyündən azad olunmuş, S.Nuriyev 23 saylı binəqədi-Qaradağ, R.Həsənov 83 saylı Sabirabad-Saatlı dairə seçki komissiyasının üzvləri təyin olunmuşlar.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 62 saylı Qobustan-Siyəzən-Xızı dairə seçki komissiyasının üzvü M.Qayıbovun, 67 saylı Zərdab-İmişli dairə seçki komissiyasının üzvü S.Qarayevin komissiya üzvlüyündən azad edilməsi qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Fransanın, Türkiyənin, İsrailin və Gürcüstanın Bakıdakı səfirliklərinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nın mətbuat xidməti