MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarı giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, bu gün aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində növbəti tədbir keçirilir. O, məntəqə və dairə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün keçirilən treninqlərin başa çatdığını bildirmiş, aşağı seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi işinin media vasitəsilə davam etdiriləcəyini vurğulamışdır.
MSK sədri seçkilərin artıq finişə yaxınlaşdığını qeyd edərək bildirmişdir ki, seçki komissiyaları bundan sonra qanunun tələblərini əsas tutaraq bütün zəruri addımları atmalı və çalışmalıdırlar ki, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət seçkilərin yekunlarından razı qalsınlar.
Müşahidəçilərin məntəqələrdə sərbəst şəkildə, Seçki Məcəlləsinin tələbləri çərçivəsində müşahidə aparmaları üçün lazımi şərait yaradılmalı, exit-poll keçirən qurumlara lazım gəlsə, kömək göstərilməlidir. Seçicilərin barmaqlarının şəffaf mürəkkəblə boyanmasına ciddi fikir verilməlidir. Seçkilərə qanunsuz müdaxilələrin qarşısı birmənalı şəkildə alınmalıdır. Azərbaycan Prezidentinin qəti mövqeyi də bundan ibarətdir. Sədr seçkilərə hazırlıq və səsvermə günü həyata keçirilən prosedurlar barədə digər tövsiyələri də DSK üzvlərinin diqqətinə çatdırmışdır.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov dairə və məntəqə seçki komissiyalarının səsvermənin yekununa dair protokollarının tərtibatı qaydaları, MSK üzvü İlham Məmmədov isə Milli Məclisə təkrar seçkilərdə seçki gününə hazırlıq və seçkilərin keçirilməsi mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Mərkəzi Seçki Komissiyasının sədri və məruzəçilər dairə seçki komissiyaları üzvlərinin suallarını cavablandırmışlar.