Meşəcinsli ağacların əkilmə qaydaları - mütəxəssis rəyi
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.
Bu təşəbbüsün həyata keçirilməsi ərəfəsində ağacların əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, əkilən ağacların bitiş faizinin yüksək olması üçün nə edilməli, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov AZƏRTAC-ın saytında ağac əkmək təşəbbüsünə qoşulmaq istəyənlərə mütəmadi olaraq öz tövsiyələrini verir.
Bu dəfə nazirliyin əkinçilik üzrə mütəxəssisi hansı növ meşəcinsli ağacların əkiləcəyi barədə danışıb.
Meşə cinslərindən iqlimə, yerli şəraitə uyğun şam, sərv, tuya, akasiya, göyrüş, ağcaqayın, qarağac, palıd, fıstıq, vələs və s. ağaclar əkilə bilər.
Meşəcinsli ağaclar necə əkilməlidir və onlara necə qulluq edilməlidir?
İynəyarpaqlı (həmişəyaşıl) və enliyarpaqlı meşə cinslərindən olan ağacların əkilməsi qaydaları bir- birindən o qədər də fərqlənmir. Lakin ağacın xüsusiyyətindən asılı olaraq bəzi məqamlara diqqət yetirilməlidir.
Belə ki, əkin qabağı torpaq hazırlığının aqrotexniki tələblərə cavab verən qaydada və keyfiyyətli aparılması əkilən meşə ağaclarının bitiş faizini, bitkilərin boy artımını və inkişafını, bütövlükdə əkinlərin məhsuldarlığını və dayanıqlığını təmin etmiş olur. Əgər əkin işləri açıq sahələrdə aparılarsa, bu zaman həmin ərazi əvvəlcədən şumlanmalı, malalanmalı və suvarma arxları çəkilməlidir.
Torpaq hazırlığı başa çatdıqdan sonra ağacın və torpağın xüsusiyyətinə uyğun 40 santimetr enində və 40 santimetr dərinliyində çalalar qazılır. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.
Payız mövsümündə hava şəraitindən asılı olmayaraq iynəyarpaqlı ağacların kökü torpaqlı əkilməsi məsləhətdir. Erkən yazda isə ağaclar həm açıq, həm də kökü torpaqlı əkilə bilər. Hündür enliyarpaqlı ağaclar əkilən zaman onların başları kəsilməlidir ki, bu da ağacların kök sisteminin möhkəmlənməsinə və yaxşı inkişaf etməsinə müsbət təsir etsin. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr, yazda isə azot gübrələri verilməlidir. Qış mövsümündə inkişaf dayandığından əlavə heç bir iş aparılmır.