MƏSLƏHƏT SEMİNARININ İŞTİRAKÇILARI ELMİN İNKİŞAFI FONDUNUN ELAN ETDİYİ MÜSABİQƏ İLƏ BAĞLI ƏTRAFLI MƏLUMATLANDIRILMIŞLAR
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Bakı Dövlət Universitetində (BDU) məsləhət seminarı keçirmişdir.
Seminarın əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəsində (EİF-2010-1) iştirak etmək istəyən şəxslərə layihələrin hazırlanmasında, ərizə və əlavə edilən sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaqda və s. məsələlərdə kömək göstərməkdən ibarət olmuşdur.
Seminarı giriş sözü ilə BDU-nun elmi işlər üzrə prorektoru İsmayıl Əliyev açaraq fondun yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək bildirmişdir ki, elmi- tədqiqat layihələrinin, proqramlarının və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə keçirilən müsabiqədə iştirak üçün sənədlər iyulun 1-dən sentyabrın 15-dək qəbul olunur. Müsabiqədə hər hansı bir alim, fiziki şəxs, elmi mövzu ətrafında yaradılmış yaradıcı kollektiv, elmi müəssisələr, təşkilatlar, elmi iş aparan QHT-lər və digər qurumlar iştirak edə bilərlər.
E.Babayev belə müsabiqələrin ildə iki dəfə - hər il may və noyabr aylarının 10-da reallaşacağını diqqətə çatdırmışdır. Vurğulanmışdır ki cari il üçün qrant maliyyələşdirilməsinin həcmi 6 milyon 100 min manat məbləğindədir.
E.Babayev qarşıdakı müsabiqəyə təqdim olunacaq layihələrin hazırlanması, bununla bağlı sənədlərin tərtibi qaydaları haqqında seminar iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra mövzu ilə bağlı suallar cavablandırılmışdır.