MƏSLƏHƏTLƏŞMƏLƏR APARILMIŞDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məsləhətləşmələr zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və 2004-cü ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulmuş texniki və maliyyə əməkdaşlığına dair hökumətlərarası danışıqlara hazırlıq məsələləri müzakirə olunmuşdur.
Məsləhətləşmələrdə texniki və maliyyə əməkdaşlığı çərçivəsində özəl bölmənin inkişafına dəstək verilməsi, özəlləşdirmə prosesinin, bazar iqtisadiyyatına yönəlmiş aqrar siyasətin, kommunal infrastrukturun və enerji sektorunun inkişafının dəstəklənməsi istiqamətində mövcud layihələrin icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestrinin, kənd təsərrüfatında texniki servis müəssisələrinin yaradılması, Azərbaycanda turizm obyektlərinin tikintisi və yenidən qurulması, iqtisadiyyatın özəl bölməsində statistik məlumatların keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, yol-nəqliyyat kompleksində həyata keçirilən islahatlara institusional və texniki kömək göstərilməsi, pensiyaların ödənilməsində fərdi uçot sisteminin tətbiqi üzrə layihələr də müzakirə edilmişdir.
Görüşlərin nəticəsi olaraq, İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi arasında maliyyə və texniki əməkdaşlıq perspektivlərinə dair müvafiq sənəd imzalanmışdır. Bu sənədə əsasən yoxsulluğun azaldılması və iqtisadi yüksəliş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət proqramlarının icrasının regionların inkişafına dair Dövlət Proqramının hazırlanmasının və icrasının dəstəklənməsi, kommunal və enerji sektorlarının, sosial sahənin inkişafı, ətraf mühitin qorunması gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilmişdir.