MESXETİ TÜRKLƏRİNİN DOĞMA VƏTƏNƏ QAYITMALARI PROSESİ BAŞLANIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu sözləri “XX əsrin 40-cı illərində Cənubi Gürcüstandan sovet rejimi tərəfindən sürgün olunmuş əhalinin vətənə qayıtması məsələlərinin öyrənilməsi üzrə Gürcüstan Dövlət Komissiyasının rəhbəri, münaqişələrin tənzimlənməsi məsələləri üzrə dövlət naziri Georgi Xaindrava aprelin 27-də Tbilisidə başlanan ikigünlük beynəlxalq konfransın açılışında bildirmişdir.
“Cənubi Gürcüstandan sürgün olunmuş əhali – Vətənə qayıdışın başlanğıcı” mövzusunda konfrans BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə adı çəkilən Dövlət Komissiyası, etnik azlıqların məsələləri üzrə Avropa Mərkəzi və Mesxeti türklərinin “Vətən” Beynəlxalq Təşkilatı tərəfindən təşkil olunmuşdur. Konfransda BMT İnkişaf Proqramının, Avropa Mərkəzinin, Mesxeti türklərinin Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Ukraynadakı ictimai təşkilatlarının nümayəndələri iştirak edirlər.
Nazirin sözlərinə görə, “Mesxeti türklərinin vətənə qayıtmasının təmin edilməsi üçün külli miqdarda vəsait tələb olunur, bu prosesin həyata keçirilməsinə, qayıdanların məskunlaşacaqları bölgələrdə yerbəyer edilməsinə Gürcüstanın gücü çatmaz. Gürcüstan hökuməti əmindir ki, bir sıra beynəlxalq təşkilatlar, habelə mesxetililərin hazırda yaşadıqları ölkələr həmin prosesin maliyyələşdirilməsində yardımçı olacaqlar”.
Xatırladaq ki, 1999-cu ildə Gürcüstan Avropa Şurasına daxil olarkən Mesxeti türklərinin öz tarixi vətəninə - 1944-cü ildə Stalin rejimi tərəfindən sürgün edilməzdən əvvəl yaşadıqları yerlərə qayıtmasına dair öhdəlik götürmüşdü. Bu proses 2012-ci ildə başa çatmalıdır.