MEXİKO UNİVERSİTETİNDƏ AZƏRBAYCANA DAİR KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Mexiko şəhərindəki UNAM universitetində siyasi və ictimai elmlər fakültəsinin müəllim və tələbələri üçün “Azərbaycan: neft ehtiyatlarının müasir strategiyada nüfuzu” mövzusunda konfrans keçirilmişdir.
Konfransda ölkəmizin Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov çıxış etmişdir. Diplomat Azərbaycanı yeni tanıyan auditoriyaya bölgədəki əməkdaşlıq və ikitərəfli əlaqələrə dair ölkəmizin rəsmi mövqeyindən, Azərbaycanın beynəlxalq təhlükəsizliyin təminatında rolundan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xəzər hövzəsinin təbii ehtiyatlarının işlənilməsinin qlobal enerji tərəfdaşlığına təsirindən danışmışdır. Dinləyicilərə ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunması, iqtisadi tərəqqiyə nail olunması, nəhəng layihələrin gerçəkləşdirilməsi sahəsində xidmətlərindən geniş söhbət açılmış, çoxsaylı suallara cavab verilmişdir.
Xatırladaq ki, 1551-ci ildən fəaliyət göstərən UNAM (The Universidad Nacional Autonoma de Mexico) Latın Amerikasının ən qədim, nüfuzlu və böyük universitetlərindən biridir.
######
