“Microsoft” Azərbaycandakı tərəfdaşlarına 20-yə yaxın yeni cihaz təqdim edib
Bakı, 29 yanvar, AZƏRTAC
“Microsoft Azerbaijan”ın 50-yə yaxın tərəfdaş şirkəti “Device Day” (“Cihaz Günü”) tədbirinin iştirakçısı olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə yanvarın 29-da “Microsoft Azerbaijan” şirkətinin Bakıda təşkil etdiyi tədbir çərçivəsində “Windows 10” əməliyyat sistemi üzərində işləyən yeni cihazların təqdimatı keçirib. İştirakçılara biznes mühitində yüksək tələbata malik və “Windows 10” əməliyyat sistemi üzərində işləyən 20-yə yaxın yeni cihaz təqdim edilib.
“Microsoft Azerbaijan”ın tərəfdaş şirkətləri biznes mühitində yüksək tələbat qazanacaq planşet, noutbuk və “ikisi birində” olan cihazları nümayiş etdiriblər. Tədbir iştirakçılarına “Windows 10” əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqında məlumat əldə etmək, sərgini ziyarət edib “Windows 10” ilə işləyən yeni model cihazları şəxsən sınamaq imkanı yaradılıb.
Şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib ki, ”Microsoft”un Azərbaycanda tərəfdaş şəbəkəsi pozitiv şəkildə inkişaf edir və tərəfdaşların fəallıq səviyyəsi baxımından yüksək potensial mövcuddur. Bu gün bizim tərəfdaşlıq şəbəkəmiz 100-dən çox şirkəti əhatə edir. Ümid edirəm ki, 2016-cı ildə tərəfdaşlarımızın sayı artmaqda davam edəcək.
“HP” şirkətinin fərdi sistemlərin distribusiyası üzrə meneceri Aleksandr Heybətov qeyd edib ki bu gün şirkət “Microsoft” korporasiyasının ən iri tərəfdaşlarından biridir. Uzunmüddətli müvəffəqiyyətli tərəfdaşlıq bizə biznesin inkişafı üzrə fəal mövqenin hazırlanmasına, həmçinin vətəndaş, dövlət və özəl təşkilatlar üçün zəruri məhsul və xidmətləri daha effektiv şəkildə təqdim etmək imkanını yaradıb.