Milli Azərbaycan Tarixi Muzeyində kəlağayının müxtəlif növləri qorunur
Bakı, 26 noyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində kəlağayının müxtəlif növləri qorunur və nümayiş etdirilir.
Muzeyin baş mütəxəssisi Aynur Babayeva AZƏRTAC-a bildirib ki, etnoqrafik kolleksiyanı 100-ə yaxın kəlağayı çeşidi bəzəyir. Bunlar əsasən XIX-XX əsrlərdə Şəki, Şamaxı, İsmayıllı, Bakı, Naxçıvan, Qarabağ, Quba, Gəncə və Qazaxda istifadə edilmiş nümunələrdir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayı sənətinin nümunələri xarici qonaqların xüsusi marağına səbəb olur.
Milli adət-ənənəmizin ayrılmaz hissəsi olan kəlağayı sənətinin daha da inkişaf etdirilməsi və təbliğinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.