MİLLİ AZLIQLAR AZƏRBAYCANIN TAM VƏ BƏRABƏRHÜQUQLU VƏTƏNDAŞLARIDIR
Milli Siyasət Məsələləri üzrə Dövlət Müşaviri Hidayət Orucov Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən, rayonlarında olmuş, bölgədə yaşayan milli azlıqların nümayəndələri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmış, qarşıdan gələn prezident seçkilərinə hazırlığın vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı bu rayonlarda dövlət, bələdiyyə, ictimai təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyası fəallarının iştirakı ilə müşavirələr keçirmişdir.Bu görüşlərdə udin, dağ yəhudiləri, gürcü, ləzgi, avar, saxur, ingiloyların nümayəndələri, ağsaqqal və ziyalıları belə bir fikri xüsusi vurğulamışlar ki, onlar özlərini Azərbaycan Respublikasının tam və bərabərhüquqlu vətəndaşları hesab edirlər, ölkəmizin, Azərbaycan xalqının problemləri onları da eyni dərəcədə narahat edir, respublikamızda milli–dini zəmində diskriminasiya, qarşıdurma, ayrı-seçkilik halları yoxdur, öz məktəb, kitabxana, məscid, kilsə, sinaqoq, teatr, qəzetləri vardır, dövlət strukturlarında, ictimai təşkilatlarda, seçkili orqanlarda təmsil olunurlar. Bütün bunlar üçün ilk növbədə Azərbaycan Prezidenti Heydər Əliyevə borclu və minnətdardılar. Məhz o, respublikamıza rəhbərlik etdiyi 34 illik bir dövrdə milli azlıqların problemlərini elə incə, köklü və hərtərəfli şəkildə, nadir formada həll etmişdir ki, hətta bir sıra Avropa ölkələri bu təcrübədən öyrənir və bəhrələnirlər. Müşavirələrdə iştirak edən ictimaiyyət nümayəndələri, həmçinin son illər bu regionda gedən geniş quruculuq, abadlıq işlərindən, dağ rayonlarının sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısından razılıqla söhbət açmışlar. Dövlət müşaviri bu görüşlərə Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə gəldiyini bildirərək, dövlətimizin başçısının salamlarını və ən xoş arzularını bölgə əhalisinə çatdırmışdır. Natiq ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyi, sosial- iqtisadi tərəqqini, hüquqi-demokratik dövlət quruculuğu prosesesində Heydər Əliyevin titanik fəaliyyətini ədalətli qiymətləndirdiklərinə görə milli azlıqların nümayəndələrinə, toplantıların iştirakçılarına təşəkkür etmişdir. Hidayət Orucov bir neçə gün əvvəl Avropa ölkələrinə səfərdən qayıtdığını, milli azlıqların problemlərinə həsr olunmuş beynəlxalq konfransda məruzə etdiyini bildirərək, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü İlham Əliyevin əsl yetkin diplomat məharəti və prinsipiallığı ilə bu qurumda Azərbaycanın haqlı mövqeyini ləyaqətlə qoruyub müdafiə etməsındən, xarici siyasətimizin uğurlu perspektivlərindən danışmış, prezident seçkiləri ərəfəsində qarşıda duran vəzifələrə dair öz məsləhət və tövsiyələrini vermişdir. Dövlət müşaviri dağ rayonlarında aparılan təsərrüfat, tikinti, quruculuq işləri ilə də tanış olmuşdur.