MİLLİ MƏCLİS BİR NEÇƏ QANUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin mayın 16-da keçirilmiş iclasında əvvəlcə cari məsələlərə baxılmış, parlamentin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanmışdır. Əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibində dəyişikliklər edilmiş, bu komissiyanın təşkilinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən Əsasnamənin layihəsi təsdiqlənmişdir. Yeni Əsasnamə komissiyanın işini tənzimləmək baxımından müsbət qarşılanmışdır.
Sonra “Azərbaycan Respublikası Prezidenti və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında” 1997-ci il avqustun 26-da Varşava şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” məsələlər müzakirə olunmuşdur. Hər iki sənədin ölkəmizin beynəlxalq münasibətlərinin inkişafında mühüm rol oynayacağı qeyd edilmiş və deputatlar tərəfindən təsdiqlənmişdir.
İclasda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” qanun layihəsi də qəbul olunmuşdur. Bu medal Silahlı Qüvvələrdə qüsursuz xidmət edən zabit, gizir, çavuş və əsgərlərə veriləcəkdir. Sonra “Yol hərəkəti haqqında” Qanuna, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. Bildirilmişdir ki, əlavələr və dəyişikliklər ölkəmizin qanunvericilik bazasının daha da təkmilləşməsinə xidmət edir.
Axşam iclasında “Biometrik informasiya haqqında” qanun layihəsi ətraflı müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanun biometrik informasiya ehtiyatlarının formalaşmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiq sahələrini müəyyənləşdirəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.
Müzakirələrdə bu məsələnin hazırda bütün dünyada aktual olduğu qeyd edilmiş, ölkəmizdə belə bir qanunun qəbul olunmasının vacibliyi vurğulanmışdır. Deputatların rəy və təklifləri dinlənildikdən sonra “Biometrik informasiya haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur.
Daha sonra deputatlar “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə etmişlər. Məlumat verilmişdir ki, bu qanun fiziki şəxslərin könüllü - öz istəyi əsasında əvəzi ödənilməyən ictimai-faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi əsaslarını müəyyən edəcəkdir.
Könüllülük fəaliyyəti adı altında dini təriqətlərin yayılması, müharibə, zorakılıq və dözümsüzlüyün təbliğ edilməsi, irqi, milli, dini ədavətin qızışdırılması isə qadağandır.
Müzakirələrdən sonra bu qanun layihəsi ikinci oxunuşda qəbul edilmişdir.