MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışaraq demişdir ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci dövlətdir və biz bu ölkə ilə əlaqələrimizin inkişafında maraqlıyıq. Milli Məclisin sədri münasibətlərimizin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulamış və Pakistanın Prezidentinin Azərbaycana səfərini xatırlamışdır. Bildirilmişdir ki, qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər, əldə olunmuş razılaşmalar münasibətlərimizin hərtəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Seyid Məhəmməd Zəfər demişdir ki, Pakistan da qardaş və dost Azərbaycanla əlaqələrin inkişafına maraq göstərir. O, Pakistanda baş vermiş zəlzələ zamanı göstərilən yardıma görə ölkəsinin Prezidenti, parlamenti və xalqı adından Azərbaycanın dövlət başçısına, hökumətinə, parlamentinə və xalqına dərin minnətdarlığını bildirmişdir. Qonaq bildirmişdir ki, mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək və o, bundan fərəh hissi keçirir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
X X X
Həmin gün Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova da Seyid Məhəmməd Zəfərlə görüşmüşdür.
Həmkarını Azərbaycan parlamentində görməkdən məmnun olduğunu vurğulayan Rəbiyyət Aslanova ölkəmizdə həyata keçirilən hüquqi, iqtisadi islahatlar, Milli Məclisin fəaliyyəti, rəhbərlik etdiyi komissiyanın işi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermişdir.
Seyid Məhəmməd Zəfər ölkəmizin Cənubi Qafqazdakı rolunu xüsusi vurğulayaraq demişdir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan, müxtəlif çətinliklərlə üzləşsə də, onların öhdəsindən uğurla gələrək, dinamik inkişafa nail olmuşdur.
Görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi olmuşdur.