MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin aprelin 15-də keçirilmiş iclasında əvvəlcə cari məsələlərə baxılmışdır. Parlamentin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir. Sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənilmişdir.
Hesablama Palatasının sədri Heydər Əsədov məruzə ilə çıxış edərək bildirmişdir ki, Palatanın 2007-ci ildəki fəaliyyəti barədə hesabat “Hesablama Palatası haqqında” Qanunun və Palatanın daxili nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır.
O demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin iqtisadi əsasları daha da möhkəmlənmiş, onun inkişaf prioritetləri formalaşdırılmışdır. Hesablama Palatası da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına layiqli töhfəsini vermək üçün işini daha da təkmilləşdirmişdir. Dövlətimizin başçısının, Milli Məclisin, onun rəhbərliyinin, daimi komissiyaların tövsiyələrini, müraciət və sorğularını mütəmadi və keyfiyyətlə yerinə yetirərək, cari fəaliyyətini daha səmərəli təşkil etmək və qanunvericiliklə müəyyən olunmuş funksiyaların icrasını mütəşəkkil təmin etmək üçün təşkilati məsələlərin həllinə xüsusi diqqət yetirmişdir.
Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti müvafiq qanunlara, Palatanın iclaslarında təsdiq olunmuş iş planlarına və digər normativ sənədlərə əsasən həyata keçirilmişdir. Ötən il Hesablama Palatasının 14 iclası keçirilmiş və bu iclaslarda 32 məsələyə, o cümlədən nəzarət tədbirlərinin nəticələrinə dair 3, normativ sənədlərin və audit standartlarının təsdiq edilməsi barədə 7, audit proqramlarının təsdiqi ilə əlaqədar 4 məsələyə baxılmışdır.
Hesabat dövründə iş planı üzrə 3 auditin və 34 ekspert-analitik tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Hesablama Palatasında təşkilati tədbirlərin görülməsi, mövcud məlumat bazasının gücləndirilməsi və hesabat formalarının təkmilləşdirilməsi zərurəti ortaya çıxdığına görə 3 audit və 20 ekspert-analitik tədbir həyata keçirilmişdir.
Nəzarət tədbirlərinin həyata keçirilməsi üçün Hesablama Palatasının malik olduğu informasiya resursları onun müxtəlif fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş yeni tələblərə tam uyğun olmadığından qüvvədə olan bir çox məlumat formaları təkmilləşdirilmişdir. Mövcud məlumat bazasını daha da gücləndirmək və ən azı son 3 ili əhatə edən bazanın formalaşdırılmasını təmin etmək məqsədi ilə funksional təsnifatın ayrı-ayrı bölmələri üzrə dövlət aktivləri və əmlakının, sosialyönümlü xərclərə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə ayrılan büdcə vəsaitlərinin idarə və istifadə olunmasını, habelə bank fəaliyyəti sahəsini əhatə edən 80-dən çox ilkin məlumat formaları tərtib edilərək müvafiq mərkəzi və yerli icra orqanlarına göndərilmişdir.
Hesabat ilində Palataya daxil olmuş 1122 müxtəlif məzmunlu məktub, müraciət və şikayət ərizəsi, ayrı-ayrı mərkəzi və yerli idarəetmə orqanlarından, büdcə təşkilatlarından hesabat və məlumatlar araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda müxtəlif sorğu və məlumatların əldə olunması üçün Palata tərəfindən 561 müraciət məktubları göndərilmişdir.
Hesablama Palatası 2007-ci ildə dövlət büdcəsinin gəlir və xərclərinin auditini aparmış və öz rəyini Milli Məclisə təqdim etmişdir.
Aparılmış audit yoxlaması başa çatdıqdan sonra trafik mübadiləsinə görə, hesablaşmalardan 2007-ci il üzrə 2614418 manat məbləğində borcun ödənilməsi təmin olunmuşdur.
Bundan əlavə, “Aqrolizinq” ASC-də və Azərbaycan Dövlət Pedaqoji Universitetində audit nəzarəti tədbirləri həyata keçirilmişdir. Audit zamanı aşkar edilmiş və sənədləşmələrin aparılmasında yol verilmiş nöqsanlar aradan qaldırılmış, pul vəsaitinin uçotunda və ödənilməsində çatışmazlıqlar bərpa edilmişdir.
H.Əsədov onu da bildirmişdir ki, aparılan analitik təhlillər zamanı da bir sıra iri vergi ödəyicilərinin fəaliyyətində nailiyyətlərlə yanaşı, qüsurlar da aşkarlanmış və bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr hazırlanmışdır.
Hesablama Palatası beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmiş, bir sıra beynəlxalq maliyyə qurumları ilə əlaqələr yaratmışdır.
Müzakirələr zamanı deputatlar əvvəlki illərlə müqayisədə Hesablama Palatasının fəaliyyətində müsbət dəyişikliklər yarandığını, hesabatın mükəmməl hazırlandığını vurğulamış, rəy və təkliflərini bildirmişlər.
Hesablama Palatasının sədri sonda onu da bildirmişdir ki, əldə olunan gəlirlərin düzgün xərclənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericilik bazası təkmilləşdiriləcək, yeni qanunlar hazırlanacaqdır. Bu qanunlar ölkədə istər dövlət, istərsə də qeyri-dövlət investisiya xərcləri üzərində nəzarəti gücləndirəcək, şəffaflığı təmin edəcəkdir.
Sonda Milli Məclis Hesablama Palatasının hesabatını nəzərə almışdır.
Sonra isə Azərbaycan Respublikasınn İnzibati Prosessual Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Rəfael Cəbrayılov bildirmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edəcəkdir.
R.Cəbrayılov onu da bildirmişdir ki, sənədin birinci oxunuş müzakirəsi zamanı səslənmiş irad və təkliflərin böyük əksəriyyəti nəzərə alınmış, beynəlxalq qanunvericilik, inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsi diqqətlə öyrənilmiş və Məcəllə əsaslı surətdə təkmilləşdirilmişdir. Sonra çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Məcəllənin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, bu Məcəllə ölkədə hüquq sisteminin təkmilləşməsində mühüm rol oynayacaqdır.
Müzakirələr zamanı deputatlar bu Məcəllənin hazırlanmasında böyük zəhmət çəkən Milli Məclis Aparatının rəhbərinə və işçi qrupunun üzvlərinə minnətdarlıqlarını bildirmişlər.
Sonra Məcəllə layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunmuşdur.