MİLLİ MƏCLİSİN İCLASINDA
AZƏRTAC xəbər verir ki, iyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının iclası olmuşdur.
“Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin ötən iclasda yarımçıq qalmış müzakirəsi davam etdirilmişdir.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov deputatların əvvəlki iclasda səsləndirdikləri təkliflərə münasibətini bildirmişdir.
Müzakirələrin gedişində deputatlar seçkiqabağı təşviqat müddətinin 120 gündən 75 günə endirilməsi, depozitin, səsvermə bülletenlərinin qoyulduğu zərflərin ləğv edilməsi və sair barədə təklif olunan dəyişiklikləri bəyəndiklərini bildirdilər.
Qanun layihəsi yekdilliklə qəbul edildi.
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli “İdman haqqında genişləndirilmiş hüdudlu sazişin Əsasnaməsinin təsdiq edilməsi haqqında”, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Hökuməti və Avropa Birliyi Komissiyası arasında Azərbaycan Respublikasında Avropa Birliyi Komissiyasının Nümayəndəliyinin təsis edilməsi və onun imtiyazları və immunitetləri haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələrini təqdim etdilər. Layihələr müzakirəsiz qəbul olundu.
Qismən texniki və redaktə xarakterli dəyişikliklər təklif olunan “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurası haqqında” sazişin təsdiq edilməsi barədə”, “Turizm haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” qanun layihələri də qəbul edildi.
Deputatlar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamə”də, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişikliklərə razılıq verdilər.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi də ciddi müzakirəyə səbəb olmadı. Deputatlar təklif olunan dəyişikliyə - Qanunun mövcud variantından 42-1-ci maddənin çıxarılması, 45-1-ci (“Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması”) və 45-2-ci (“Seçici imzalarının toplanması qaydasının pozulması”) maddələrinin əlavə edilməsi təklifinə yekdilliklə səs verdilər.
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovun, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynovun təqdim etdikləri daha səkkiz qanun layihəsinə təklif olunan dəyişiklik və əlavələr geniş müzakirə açılmadan qəbul edildi. Onların sırasında “Yol hərəkəti haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “İnzibati icraat haqqında”, “Polis haqqında”, “Dövlət qulluğu haqqında” və digər qanunlar var idi.