MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA
AZƏRTAC xəbər verir ki, iyunun 2-də Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası olmuşdur.
Komissiyanın sədri Arif Rəhimzadə məlumat vermişdir ki, müzakirə olunacaq hər iki layihə inzibati ərazi bölgüsündə dəyişikliklə əlaqədardır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında göndərilmişdir.
Deputatlar əvvəlcə “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” sənədi müzakirə etmişlər.
Sənəddə Samux rayonu ərazisindəki Nəbiağalı qəsəbəsinin Samux qəsəbəsi adlandırılması, Kolayır kəndinin bu qəsəbə ilə birləşdirilməsi, bu səbəbdən Kolayır kənd inzibati ərazi dairəsinin Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairəsinin Dövlət reyestrindən çıxarılması, Samux qəsəbəsinə isə şəhər statusunun verilməsi təklif olunur.
Komissiya üzvləri layihə ilə razılaşmış və onun Milli Məclisin ümumi iclasının müzakirəsinə çıxarılmasını tövsiyə etmişlər.
Sonra “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilmişdir.
Layihədə Füzuli rayonunun ərazisində yeni salınmış beş qəsəbənin Birinci Zabucuq, İkinci Zabucuq, Üçüncü Zabucuq, Dördüncü Zabucuq, Beşinci Zabucuq adlandırılaraq Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi, hər bir qəsəbədə həmin adla inzibati ərazi dairəsi yaradılması təklif olunur.
Komissiya üzvləri “Zabucuq” adına iradlarını bildirdilər, bu toponimin mənşəyinin araşdırılması barədə arzularını ifadə etdilər.
Qanun layihələrini Milli Məclisin ümumi iclasının müzakirəsinə təqdim etmək tövsiyə olunmuşdur.