MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ MDB PARLAMENTLƏRARASI ASSAMBLEYANIN NÖVBƏTİ İCLASINDA İŞTİRAK EDƏCƏK
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, xəbər verildiyi kimi, hazırda Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Rövşən Rzayev və Azər Əmiraslanov Sankt-Peterburqda təşkilatın daimi komissiyalarının işində iştirak edirlər.
Tədbirlərdə “MDB-nin 15 illik yubileyi – parlamentlərarası əməkdaşlığın nəticələri və perspektivləri” mövzusunda fikir mübadiləsi aparılacaq, terrorizmə qarşı mübarizə, dövlət sərhədinin qorunması, təhsil işçilərinin statusu, turizm fəaliyyəti, vətəndaşların milli-mədəni birlikləri, prokurorluq haqqında model qanun layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin perspektiv planı və digər məsələlər müzakirə olunacaq.
Səfər çərçivəsində MDB Parlamentlərarası Assambleya Şurasının quruma üzv ölkələrin hüquq mühafizə, xüsusi xidmət orqanlarının rəhbərləri ilə terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinə həsr olunmuş birgə iclasının keçirilməsi nəzərdə tutulmuşdur.
Burada nümayəndə heyətinin üzvləri “Müasir çağırışlara və təhlükəsizliyə qarşı yönəlmiş hədələrlə mübarizədə MDB-yə üzv dövlətlərin əməkdaşlığının təkmilləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edəcəklər.
Sankt-Peterburqda Cənubi Qafqaz ölkələri və Rusiya parlamentləri sədrlərinin görüşü də nəzərdə tutulmuşdur. Görüşdə Qafqazda ictimai-siyasi vəziyyət, regional münaqişələrin həlli yolları və digər məsələlər barəsində fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində keçiriləcək tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov və digər rəsmi şəxslər iştirak edəcəklər.