CƏMİYYƏT
Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Milli Məclisin payız sessiyasında Regional məsələlər komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov gündəliyə iki məsələnin daxil olduğunu söyləyib.
S.Novruzov vurğulayıb ki, bu ərəfələrdə xalqımızın qeyd etdiyi tarixi hadisələr Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin simvolu olaraq, regionda sabitliyin və inkişafın təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
O, Azərbaycanın ərazi bütövlüyünün bərpası kontekstində regional inkişafın vacibliyini qeyd edərək, bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının və sakinlərin həyat şəraitinin yüksəldilməsinin prioritet olduğunu diqqətə çatdırıb.
Sonra gündəliyə daxil olan Regional məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi barədə müzakirələr aparılıb. Bildirilib ki, layihə çərçivəsində prioritet məsələlərə, regionların sosial-iqtisadi inkişafının gücləndirilməsi, infrastruktur layihələrinin irəliləməsi kimi mövzulara diqqət çəkilib. Müzakirələr zamanı iclas iştirakçıları 2024-cü ilin payız sessiyasında qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsi üçün konkret təkliflər irəli sürüblər. Qeyd olunub ki, bu çərçivədə layihə regional məsələlərin həlli və ölkənin ümumi inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Daha sonra gündəlikdəki digər məsələ - “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, qanun layihəsinin məqsədi bələdiyyələrin fəaliyyətini daha da təkmilləşdirmək, onların müstəqilliyini artırmaq və vətəndaşların yerli idarəetmə sisteminə inamını gücləndirməkdir. Həmçinin bələdiyyələrin inzibati nəzarət çərçivəsində daha effektiv fəaliyyət göstərmələrinin vacibliyi vurğulanıb. Qanun layihəsində nəzərdə tutulan dəyişikliyin bələdiyyələrin resurslardan daha səmərəli istifadə etməsinə imkan yaradacağı qeyd olunub. Eyni zamanda, bələdiyyələrin fəaliyyətinin şəffaflığının artırılması və vətəndaşların iştirakının genişləndirilməsi istiqamətində atılacaq addımların əhəmiyyəti diqqətə çatdırılıb.
Müzakirələr zamanı deputatlar təqdim olunan sənədlərlə bağlı fikirlərini və qeydlərini açıqlayıblar. Eyni zamanda, bələdiyyələrin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün konkret təkliflər irəli sürülüb.
Müzakirələrdən sonra komitənin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi isə ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.