RƏSMİ XRONİKA
MİLLİ MƏCLİSİN SƏDRİ UKRAYNA MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Parlamentin sədri oktyabrın 6-da Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilmiş seçkilərdə müşahidəçi kimi iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirmiş, ölkələrimiz arasında əlaqələrin inkişafından danışmış, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində parlamentlər səviyyəsində görülən işləri diqqətə çatdırmışdır. O.Əsədov vurğulamışdır ki, Ukrayna Prezidenti Viktor Yuşşenkonun bu yaxınlarda Azərbaycana səfəri xalqlarımızın və dövlətlərimizin daha sıx yaxınlaşması, işgüzar əlaqələr və tərəfdaşlıq münasibətləri üçün geniş imkanlar açmışdır. Parlamentin sədri “Babi Yar”ın 60 illiyi ilə əlaqədar mərasimlərdə iştirak etmək üçün Kiyevə səfərini xatırlamış və çox səmərəli görüşlər keçirdiyini diqqətə çatdırmışdır.
Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Y.Davıdoviç bələdiyyə seçkilərinin yüksək səviyyədə, demokratik və şəffaf şəraitdə keçirildiyini bildirmiş, Azərbaycanda seçki təcrübəsinin ilbəil daha da təkmilləşdiyini vurğulamışdır. Y.Davıdoviçin sözlərinə görə, oktyabrın 6-da keçirilmiş seçkilərdə iştirak edən digər xarici müşahidəçilərin də yekdil rəyi belədir. Qonaq iki ölkənin mərkəzi seçki komissiyaları arasında daim əlaqə saxlanıldığını və təcrübə mübadiləsi aparıldığını vurğulamışdır.
Görüşdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və digər rəsmi şəxslər iştirak edirdilər.