SİYASƏT
Milli Məclisin sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Hadı Rəcəbli iclasın gündəliyində duran “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi ilə bağlı məlumat vermişdir.
İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev bildirmişdir ki, Fondun 2014-cü il büdcəsinin layihəsinin tərtibi zamanı real iqtisadiyyatın növbəti ildəki inkişaf meylləri və əsas makroiqtisadi göstəricilərin proqnozları, qurumun cari il büdcəsinin indiyədək icrasının nəticələri, 2014-cü ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri və. s nəzərə alınmışdır.
Qeyd olunmuşdur ki, DSMF-nin 2014-cü il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da ötən ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,2 faiz və ya 295,8 milyon manat çoxdur. Bildirilmişdir ki, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir.
Sədr müavini demişdir ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660,4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalarının 62,9 faizi və ya 1 milyard 120 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür.
Sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılmışdır.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.