MİLLİ MƏCLİSİN TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Söhbət zamanı Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyası məsələləri müzakirə edilmişdir. Qonaq qeyd etmişdir ki, ölkəmizdə qanunvericiliyin inkişafı, respublikamızın götürdüyü öhdəlikləri yerinə yetirməsi nəticəsində bu proses bir qədər də sürətlənəcək və hər iki tərəf bundan fayda görəcəkdir.
Cənab Vilhelm German respublikamızda “Azərbaycanın milli təhlükəsizlik siyasəti: yeni çağırışlar və cavablar” mövzusunda seminarlar keçirmək niyyətindən söz açaraq dedi ki, bu tədbirdə yüksək vəzifəli şəxslərin iştirakı arzu olunur. Həmin seminarlar iyulun əvvəlində və sentyabrın sonunda, yaxud da oktyabrın əvvəlində keçirilə bilər.
Ziyafət Əsgərov qonağın Azərbaycanda seminarlar keçirmək təklifini bəyənərək bu tədbirlərin NATO-nun İstanbul sammitindən sonrakı dövrə təsadüf etməsini müsbət hal kimi dəyərləndirdi. O, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin nəzarətsiz ərazi olduğunu, narkotik vasitələrin tranzit yolunun buradan keçdiyini, terrorçu qruplar hazırlandığını qonağın nəzərinə çatdırdı. Bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq məsələyə çevrilmişdir. Həmin münaqişə ilə uzun illərdir ki, ATƏT və onun Minsk qrupu məşğul olur.
Görüşdə təhlükəsizlik baxımından maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.