“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” layihəsinin icrası başa çatdırılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” layihəsinin icrası başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, ictimai fəal gənc Samir Pənəliyevin müəllifi olduğu layihə çərçivəsində sonuncu tədbir Şəmkir rayonunun Kür qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına tam orta məktəbdə təşkil olunub.
Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyini bildirib. Qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq, onları təbliğ edərək gələcək nəsillərə ötürmək cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında fəal rol oynadığını vurğulayaraq qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə gənclərin potensialının üzə çıxarılması, onların inkişafı üçün hər cür şərait yaradılıb. Bu siyasətin uğurla icra olunmasında Gənclər Fondunun da mühüm xidmətləri var.
Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə məktəblilər arasında oxu mədəniyyətinin təbliğinin vacibliyini vurğulayıb. Bildirib ki, yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilmək mümkündür. Təkcə təhsil müəssisələri deyil, valideynlər də yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasına diqqət yetirməlidirlər. Uşaqları hələ erkən yaşlarından folklor nümunələri ilə tanış etmək lazımdır. Yeniyetmə və gənclərin ədəbi-estetik zövqünün düzgün formalaşması onların gələcək uğurlarını stimullaşdıra bilər.
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Əliyev yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb.