Milyonlara örnək olan mənalı ömür yolu
Salyan, 27 aprel, Mahir Babayev, AZƏRTAC
Salyandakı Heydər Əliyev Mərkəzində görkəmli ictimai xadim, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, səhiyyə işçilərinin, ziyalıların iştirak etdikləri tədbir oftalmoloq-alimin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yoluna nəzər salıb. “Zərifə xanım elmi fəaliyyəti ilə Azərbaycan tibb elminə əvəzsiz töhfələr verib”, - deyən natiq bildirib ki, o, həm də sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnəkdir.
Rayon mərkəzi xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Tünzalə Əsədova akademikin müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışıb. Bildirilib ki, alimin şəfalı əlləri minlərlə insanın qaranlıq gözlərinə işıq gətirib.
Qeyd olunub ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk alim qadın idi.
Digər çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, akademikin zəngin elmi irsinin, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazıldığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Zərifə xanım fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
X X X
Görkəmli alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü Biləsuvarda da qeyd olunub.
Tədbirdə rayonun rəhbərliyi, tibb işçiləri, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə alimin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanışlıq olub.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın zəngin və şərəfli ömür yolundan söhbət açıb. Qeyd olunub ki, görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor, Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım ulu öndər Heydər Əliyevin həyatında və siyasi fəaliyyətində ona mənəvi dayaq və arxa olub.
Sonra çıxış edən rayon mərkəzi xəstəxanasının oftalmoloqu Vəfa Məmmədova, 6 nömrəli şəhər tam orta məktəbinin direktor müavini Nurəngiz Xosuzadə və başqaları görkəmli alimin mənalı həyat yolundan, pedaqoji, elmi və tanınmış həkim kimi fəaliyyətindən söz açıb, onun təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda bir qrup tibb işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.