Mingəçevir Dövlət Universitetində Elm Gününə həsr edilmiş onlayn elmi konfrans keçirilib
Mingəçevir, 14 aprel, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin onlayn elmi konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elm Gününə həsr edilmiş konfransın açılışında çıxış edən MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov universitetin rektoru Şahin Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırıb və konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
V.Əyyubov çıxışında konfransın əsas məqsədinin tələbələrin elmi fəaliyyətinin gücləndirilməsindən ibarət olduğunu qeyd edib və məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb.
Karantin şəraiti olmasına baxmayaraq, tələbələr arasında konfransa böyük maraq olduğunu diqqətə çatdıran İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli konfransın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib.
Sonra konfransda məruzələr dinlənilib. Fakültənin tələbələrindən Xəyal Xəlilov “Strateji qərarların qəbul edilməsində oyunlar nəzəriyyəsinin tətbiqi”, Nurlan Yusibov “İqtisadiyyatın inkişafında sənaye parkları və məhəllələrinin rolu”, Gülnaz Qarayeva “İnsan amili Azərbaycan dövlətinin sosial siaysətinin strateji hədəfi kimi”, Çingiz Çingizzadə “Büdcə kəsirinin yaranması və onun aradan qaldırılması imkanları”, Aypara Abbasova “İcbari tibbi-sığorta dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi” və Zamiq İsgəndərov “İnnovasiya fəaliyyəti sahəsində dövlət siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Onlayn konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.