Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər





Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə universitetin Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov qəhrəman şəhidlərimizin tarixi zəfərin qazanılmasında mühüm pay sahibi olduqlarını vurğulayıb və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramını ifadə edib.
Azərbaycanın igid oğullarının canı və qanı bahasına otuzillik yurd həsrətinə son qoyulduğunu qeyd edən MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) əlaqələndiricisi Minayə Hüseynova, İnsan resursları şöbəsinin mütəxəssisi Səbinə Mikayılzadə və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə bütün şəhid və qazilərimizlə, o cümlədən universitetin qəhrəman məzunları ilə qürur duyduqlarını diqqətə çatdırıblar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan MDU məzunlarının əziz xatirəsi dərin ehtiramla anılıb, onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliği, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.