Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailələrinin üzvləri ilə görüşüb
Bakı, 4 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailələrinin üzvləri ilə görüşüb. Görüşdə universitetin şəhid məzunları Kənan Abdullayev, Əzəmi Hüseynov və hazırda iki övladı bu ali təhsil müəssisəsində oxuyan şəhid Yasən Əhmədovun ailə üzvləri iştirak ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə anılıb.
Görüş zamanı 44 günlük Vətən müharibəsində şanlı Zəfəri xalqımıza bəxş edən igid əsgər və zabitlərimizlə qürur duyulduğu bildirilib. Qeyd olunub ki, tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Həmçinin MDU-nun bir məzunu bu il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və məzunların dövlət başçısı tərəfindən müvafiq orden və medallarla təltif olunduğu diqqətə çatdırılıb.
Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.