“Mingəçevir gənclər debat forumu”nda fərqlənənlər mükafatlandırılıb
Bakı, 8 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində “Mingəçevir gənclər debat forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin keçirilməsində məqsəd gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi, onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq olub.
Təlimin final mərhələsində Mingəçevir Dövlət Universitetinin “Qarabağ” və “Ağdam” komandaları debat aparıblar.
Yekun nəticələrə görə, layihənin qalibi “Ağdam” komandası (Hüseyn Əliyev, Səbinə Əliyeva, Tamara Qurbanova), ən yaxşı natiqi isə Leyla Manaflı seçilib.
Tədbirin sonunda isə 10 ən yaxşı natiq, finalçı, qalib komanda, debat hakimi və məşqçi təltif olunub.