Mingəçevir məktəbliləri yol hərəkəti qaydaları ilə tanış olublar
Mingəçevir, 30 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi Bölməsinin təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları ilə bağlı növbəti maarifləndirici tədbir olub.
AZƏRTAC xəbər verir ki, uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə profilaktik tədbirlərin gücləndirilməsi üçün keçirilən bu görüşdə şagirdlərə təhlükəsiz davranış vərdişləri aşılanıb. Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov və bölmənin polis baş leytenantı Tahir Qarayev yol nişanları və piyada keçidləri haqqında şagirdlərə geniş məlumat verib. Şagirdlərə izah edilib ki, bundan məqsəd baş verə biləcək yol qəzalarında məktəblilər arasında ölüm və xəsarət alma hallarının sayını sıfıra endirməkdir.
Şagirdlərə piyada keçidlərindən istifadə etmələri, işıqfordan keçərkən diqqətli olmaları tövsiyə edilib və necə hərəkət etmələri izah olunub. Polis əməkdaşları müəllimlərlə də maarifləndirmə işləri aparıblar. Qeyd edilib ki, müəllimlər də şagirdlərlə yollarda təhlükəsizliklə bağlı söhbətlər aparmalıdırlar. Daha sonra polis əməkdaşları şagirdləri maraqlandıran suallara cavab veriblər.
Yol polisi əməkdaşları azyaşlı uşaqların, məktəblilərin və digər piyadaların vurulması hallarını ictimai maarifləndirmə yolu ilə azaltmaq, sürücüləri təhlükəsizlik qaydalarına daha diqqətlə əməl etməyə səsləmək üçün mütəmadi olaraq bu cür reydlər təşkil edəcəklərini bildiriblər.