Mingəçevirdə şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarına start verilib
Mingəçevir, 26 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində uşaq, yeniyetmə və gənclər arasında şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə şəhər 10 saylı tam orta məktəbdə keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, FIDE dərəcəli hakim Qüdrət İsmayılov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək bildirib ki, bölgələrdə belə yarışların keçirilməsi ölkədə bu idman növünün inkişafında böyük əhəmiyyət daşıyır. Qeyd edilib ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda şahmat idman növünün inkişafına dövlət tərəfindən böyük dəstək göstərilirdi. Bu gün Prezident İlham Əliyev tərəfindən də bu idman növü daim diqqət və qayğı ilə əhatə olunub.
Çıxışlarda məlumat verilib ki, bu gün Mingəçevirdə 8, 10, 12, 14, 16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarına start verilir. Yarışlarda Azərbaycanın bütün şəhər və rayonlarından, o cümlədən Naxçıvan Muxtar Respublikasından 325 şahmatçı iştirak edir. Bu yarışa rayon və şəhər turnirlərində qalib gələrək ölkə birinciliyinə vəsiqə qazanan şahmatçılar qatılıb. Fevralın 4-dək davam edəcək yarışlarda 8, 10 və 12 yaş qrupu üzrə ilk 5 yeri, 14 və 16 yaş qrupu üzrə isə ilk 3 yeri tutacaq şahmatçılar ölkə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaqlar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, belə yarışların keçirilməsi uşaqlar arasında intellektual rəqabəti formalaşdırır və gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək şahmatçıların yetişməsində böyük əhəmiyyət kəsb edir.
Yarışın açılış mərasimi Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən şagirdlərin ifasında şən mahnılar və kiçik səhnəcikləri ilə başa çatıb.