Mingəçevirli rəssam-keramist: Emalatxanamızda həm gil yoğurulur, həm də arzular sənətə çevrilir
Mingəçevir, 14 may, AZƏRTAC
Mingəçevirin sənət dünyasında özünəməxsus izi olan yaradıcı simalardan biri də rəssam-keramist Abdulla Məmmədovdur. 74 yaşlı sənətkar uzun illərdir ki, duyğularını rənglərin dili ilə kətana köçürür, cansız gilə nəfəs verərək onu sənət əsərinə çevirir. Onun əl işləri təkcə bədii nümunə deyil, həm də sənətkarın ömür yolunun, sonsuz zəhmətinin və yaradıcılıq eşqinin vizual təcəssümüdür.
AZƏRTAC-ın bölgə müxbiri ömrünü yaradıcılığa, sənətə həsr edən sənətkarla görüşərək, onun zəngin dünyası ilə tanış olub.
1952-ci ildə Mingəçevirdə dünyaya göz açan Abdulla Məmmədovda sənətə maraq uşaq yaşlarından oyanıb. Altı övladlı ailədə böyüsə də, rənglərə, yaradıcılığa, bədii düşüncələrini ifadə etməyə olan sevgisi onu həmişə fərqləndirib. Gələcəyini sənətə həsr etmək arzusu onu ilk olaraq doğma şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinə gətirib. “Məhz buradan sənət yolumun ilk cizgiləri çəkildi. Dərnəkdəki müəllimim Adolf Anderson teatrda baş rəssam işləməyə başlayanda məni də yanına apardı. Təhsilimi davam etdirərək 1973-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin “Bədii nəqqaşlıq” fakültəsinə daxil oldum. Yaradıcılıq axtarışlarını daha da genişləndirərək, 1977-ci ildən Lvov Dövlət Tətbiqi Sənət İnstitutunun “Keramika” fakültəsində “Tətbiqi incəsənət rəssamı” ixtisası üzrə təhsil aldım”, - deyə rəssam-keramist bildirib.
Onun sözlərinə görə, təyinat aldığı Bakı şəhərində iki il çalışdıqdan sonra yenidən doğulub, boya-başa çatdığı Mingəçevirə qayıdıb və taleyini doğma şəhəri ilə bağlayıb: “Şəhərimizdəki Uşaq-Gənclər İnkişaf Mərkəzində “Keramika” dərnəyinin əsasını qoydum. 35 ilimi uşaqların, gənclərin yaradıcılıq dünyasının formalaşmasına həsr etdim. Emalatxanamızda yalnız gil yoğurulub formaya düşmür, həm də arzular sənətə çevrilir, gənc istedadlar formalaşır. Müəllimlik fəaliyyətimi təqaüdə çıxandan sonra da davam etdirirəm. Belə ki, uşaqlara rəssamlığın sirlərini öyrədirəm”.
Ömrünü sənətə və gənc nəslin estetik tərbiyəsinə həsr edən Abdulla Məmmədovun yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. Sənətkar ata-babalarımızdan miras qalan qədim keramika ənənələrini yaşatmaqla yanaşı, rəngkarlıq sahəsində də zəngin irs yaradıb. O, kətan üzərində yağlı boya, kağız üzərində isə sulu boya texnikası ilə portret, mənzərə, məişət və natürmort janrlarında çox sayda dəyərli əsər ərsəyə gətirib.
Şəxsi sərgilərində nümayiş etdirdiyi bu nümunələrin böyük bir qismini sənətsevərlərə hədiyyə edən müəllifin bir çox işi hazırda Mingəçevir Dövlət Rəsm Qalereyasında qorunub saxlanılır. Abdulla Məmmədovun əl işləri həyatın rənglərini, insan duyğularını və təbiətin ecazkar gözəlliyini özündə birləşdirir. Bu əsərlərdə yalnız rənglərin harmoniyası deyil, həm də sənətkarın keçdiyi şərəfli ömür yolu, sonsuz zəhməti və sönməz yaradıcılıq ruhu əks olunur.
Müxbir – Vüsalə Cənnətova