MİNSKDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də Belarus Respublikası Prezidentinin “Zaslavl-1” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Dövlətimizin başçısı Belarus əsgərlərini salamladı.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.
Dövlət başçıları rəsmi şəkil çəkdirdilər.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.