Misirdə prezident seçkilərində səsvermə davam edir
Qahirə, 27 mart, AZƏRTAC
Misirdə keçirilən prezident seçkilərinin ikinci günündə ölkə vətəndaşları səsvermədə fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Milli Seçki Komissiyasının sədri Laşin İbrahim prezident seçkilərinin gedişini şərh edərkən seçkilərin ikinci günündə səsvermənin uğurla və normal məcrada davam etdiyini bildirib. Vurğulayıb ki, seçkilərin ilk günü istifadə olunmuş bütün qutular möhürlənib və etibarlı şəkildə saxlanılır.
Milli Seçki Komissiyasının rəsmi nümayəndəsi Mahmud əl Şərif Qahirədə keçirilən mətbuat konfransında diqqətə çatdırıb ki, seçkilərin ikinci günü də səsvermə proseduralarının pozulması ilə bağlı komissiyaya hər hansı ciddi şikayət yaxud müraciət daxil olmayıb. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının yerlərdə seçkilərin gedişini müşahidə etməsi üçün bütün zəruri şərait yaradılıb. Ən çox seçici fəallığı paytaxt Qahirədə, həmçinin Giza, İskəndəriyyə, Əl-Şərkiyə, Əl-Vadi Əl-Hədid əyalətlərində və Sinay yarımadasının cənubunda qeydə alınıb.
Paytaxtın Əl-Maadi rayonunun seçki məntəqələrində səsvermənin gedişinə nəzarət edən hakim Nadir Əbdül Şahid AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, prezident seçkilərində səsvermə Milli Seçki Komissiyasının müəyyən etdiyi qaydalara uyğun və normal şəraitdə keçirilir. Onun sözlərinə görə, bu rayondakı dövlət məktəbində yerləşən seçki məntəqəsində qeydiyyatda olan 5040 seçicinin 700-dən çoxu səsvermənin ilk günündə səs verib. Səsvermənin ikinci və üçüncü günləri də vətəndaşların fəallığının yüksək olacağı gözlənilir.
Xatırladaq ki, Misirdə prezident seçkiləri martın 26-da başlayıb və martın 28-dək davam edəcək. Dövlət başçısı vəzifəsinə iki namizəd - seçkilərin favoriti, ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri Musa Mustafa Musa iddia edir.
Misir Ərəb Respublikasında prezident seçkilərinin rəsmi nəticələri aprelin 2-də elan ediləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə