Misirdə prezident seçkilərində səsvermənin üçüncü günü başlanıb
Qahirə, 28 mart, AZƏRTAC
Misirdə prezident seçkilərində səsvermənin üçüncü, sonuncu günü başlanıb. Yerli vaxtla səhər saat 09:00-da seçki məntəqələrinin qapıları səsvermə hüququna malik olan milyonlarla misirlinin üzünə açılıb.
AZƏRTAC xəbər verir ki, səsvermə siyahılarına ölkənin 59 milyondan çox vətəndaşının adı daxil edilib. Üç gün ərzində Misir sakinləri gələcək dövlət başçısı vəzifəsinə iki namizəddən birini dörd il müddətinə seçəcəklər. Dövlət başçısı vəzifəsinə iki namizəd iddia edir - seçkilərin favoriti, ölkənin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri Musa Mustafa Musa.
Səsvermənin birinci və ikinci günləri sakit şəraitdə və kifayət qədər fəal keçib. Səsvermənin birinci günündə seçicilərin daha yüksək fəallığı müşahidə olunub. Səsvermə prosesində qadınlar xüsusi fəallıq göstəriblər.
Misirin Milli Seçki Komissiyasının məlumatına görə, Qahirədə, Giza, İsgəndəriyyə, Əl-Şərqiyyə, Qalubiyyə, Əl-Vadi Əl-Hadid əyalətlərində, həmçinin Sinay yarımadasının şimalında və Misirin yeni inzibati paytaxtında seçicilərin yüksək fəallığı müşahidə olunub.
Milli Seçki Komissiyasının məlumatına görə, səsvermə normal rejimdə, sərbəst və şəffaf keçir. Seçkilərin keçirilmə qaydası ilə əlaqədar ciddi şikayətlər və ya müraciətlər daxil olmayıb.
Səsvermənin rəsmi nəticələri aprelin 2-də elan ediləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə