Misirdə prezident seçkilərinin ilk günündə seçicilərin yüksək fəallığı müşahidə edilib
Qahirə, 26 mart, AZƏRTAC
Prezident Əbdülfəttah əs-Sisi dövlət başçısı seçkilərində səs verib.
AZƏRTAC xəbər verir ki, Misirin hazırkı prezidenti paytaxtın Masr əl Hadid rayonunda şəhid Mustafa Yusri adına orta məktəbdə yerləşən seçki məntəqəsində səs verib.
Misirli seçicilər prezident seçkilərinin ilk günündə səhərdən başlayaraq səsvermədə fəal iştirak ediblər. Seçki məntəqələri açılmazdan əvvəl onların çoxunun qarşısında növbələr yaranıb, fəal seçicilər bayraqlarla gəliblər. Milli Seçki Komissiyasının rəsmi nümayəndəsi Mahmud əl Şərif bildirib ki, seçki prosesi normal keçir, qayda pozuntusu ilə bağlı ciddi şikayət daxil olmayıb.
Misirin İnsan Hüquqları Milli Şurası sədrinin müavini Əbdülqafar Şükür də səsvermənin normal keçdiyini, qayda pozuntusunun qeydə alınmadığını və müşahidəçilər tərəfindən şikayət olmadığını söyləyib.
Baş nazir Şərif İsmayıl seçki məntəqəsində səs verəndən sonra misirliləri fəal olmağa çağırıb, üç gün keçiriləcək səsvermədə ölkə vətəndaşlarının fəal iştirak edəcəyinə əminliyini bildirib. Misir parlamentinin sədri Ali Əbdül Əl səhərdən etibarən səsvermə prosesini izlədiyini, misirlilərin səsvermədə fəal iştirak etdiyini bildirib.
Xatırladaq ki, Misirdə bu gün başlanan prezident seçkiləri martın 28-dək davam edəcək. Dövlət başçısı vəzifəsinə iki namizəd iddia edir - seçkilərin favoriti, ölkənin hazırkı prezidenti, 63 yaşlı Əbdülfəttah əs-Sisi və Misirin “Al Qad” partiyasının lideri, 65 yaşlı Musa Mustafa Musa. Misirdə 59 milyondan çox seçici qeydiyyatdan keçib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə