Misirdə son sutkada koronavirusa 358 nəfər yoluxub
Qahirə, 2 may, AZƏRTAC
Misirdə son sutka ərzində COVID-19 virusuna rekord sayda - 358 nəfərin yoluxduğu bildirilir. AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların sayının 5895-ə çatdığı qeyd olunur.
Məlumatda mayın 1-də COVID-19 virusundan 14 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 406 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 79 nəfər sağalıb. Misirdə indiyədək karantin xəstəxanalarında 1460 pasiyent müalicə olunub.
Misirin Baş Naziri Mustafa Mədbulinin sözlərinə görə, koronavirusa yoluxma hallarının artması ötən cümə günü başlayan Ramazan ayında marketlərdə və mağazalarda insanların sıx toplaşması ilə əlaqədardır.
Cümə günü xəstəlikdən həyatını itirənlər arasında Qahirə Universiteti Tibb fakültəsinin dekan müavini Hişam Əl-Sakitin də olduğu bildirilir. Onun həyat yoldaşı da koronavirusa yoluxub və karantinə alınıb. Bundan başqa, Misirin Qəsr Əl-Aini Universiteti xəstəxanasının xəstələrlə təmasda olmuş 17 əməkdaşında da virus aşkar edilib. Ölkənin Tibb İşçiləri Sindikatının məlumatına görə, indiyədək 90 həkim COVID-19 virusuna yoluxub, onlardan 5 nəfəri həyatını itirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə