İDMAN
Misli Premyer Liqası: Mövsümün sürpriz komandası öz rekordunu təkrarlayıb
Bakı, 11 noyabr, AZƏRTAC
Elvin Cəfərquliyev “Qarabağ”ın heyətində 100-cü çempionat matçına çıxıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, bu, Misli Premyer Liqasının XIII turunda baş verib. 24 yaşlı müdafiəçi “Zirə” ilə ev qarşılaşmasına (4:0) start heyətində başlayıb.
Onun Ağdam klubunda debütü 2021/2022 mövsümünə təsadüf edib. Elvin 100 qarşılaşmada 8 qola imza atıb.
“Araz-Naxçıvan” komandası isə bir mövsüm ərzində qazanılan qələbə sayında öz rekordunu təkrarlayıb. Elmar Baxşıyevin komandası cari çempionatda 9-cu dəfə qalib gəlib. Naxçıvan təmsilçisi Misli Premyer Liqasının XIII turunda “Sumqayıt”ı bir qolla məğlub edib. Mövsümün sürpriz komandası hesab olunan “Araz-Naxçıvan” hazırda 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Qarabağ”dan cəmi 1 xal geri qalır.
“Araz-Naxçıvan” bunadək mövsüm ərzində ən çox qələbəni ötən çempionatda əldə edib. Komanda 2023/2024-cü illər mövsümünün 36 görüşündə 9 dəfə üç xala sevinib. Bu dəfə Baxşıyevin komandası eyni sayda qələbəni 13 matçda qazanıb. Növbəti qələbə yeni rekordla əlamətdar olacaq.
Qeyd edək ki, Naxçıvan klubu mübarizəni erkən dayandırdığı çempionatı saymasaq, yüksək dəstədə 4-cü mövsümünü keçirir.
Misli Premyer Liqasının XIII turu həm də sülhsevərliyi ilə yadda qalıb. Beş oyundan üçündə heç-heçə qeydə alınıb. “Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.
Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsüm təsadüf olunub. Ötən ilin noyabrında - XIV turda “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.