İDMAN
MOK-un baş katibi Azər Əliyev “EYOF-2022”də uğur qazanan idmançılarımızı mükafatlandırıb
Bakı, 1 avqust, AZƏRTAC
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) sonuncu günündə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katib Azər Əliyev idmançılarımız ilə görüşüb.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticə ilə əlaqədar təşəkkürünü bildirib.
Daha sonra o, medalçılara qurumun xüsusi mükafatını təqdim edib.
Azərbaycan “EYOF-2022”də 33 idmançı ilə təmsil olunub. Onlardan yalnız cüdoçular 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.
Qeyd edək ki, EYOF Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 13 - 18 yaşlı idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. “EYOF-2022” “Parlamağa hazırıq” devizi altında keçirilib.