MOLDOVA İNCƏSƏNƏTİ SUMQAYIT SƏHNƏSİNDƏ
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Sumqayıt Azərbaycanda Moldova mədəniyyəti günlərinin iştirakçılarını böyük səmimiyyətlə qarşılamışdır. Moldova mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuşdur.
Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında moldovalı incəsənət ustalarının konserti olmuşdur. Konsertdən əvvəl çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Moldovanın mədəniyyət və turizm naziri Artur Kozma bildirmişlər ki, ölkələrimiz arasında dostluğun dərin kökləri, çoxəsrlik tarixi vardır. Bu əlaqələr heç zaman qırılmamışdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Moldova Prezidenti Vladimir Voroninin aprelin 23-də Bakıda keçirilən görüşü münasibətlərin inkişafına və humanitar sahədə əməkdaşlığın dərinləşməsinə yeni təkan vermişdir.
Bildirilmişdir ki, mədəniyyət günləri xalqlarımızın zəngin mədəniyyət və incəsənəti ilə yaxından tanış olmağa imkan verir. Bugünkü görüş üçün Sumqayıt təsadüfən seçilməmişdir, çünki Moldova gəncləri ötən il öz xalqının incəsənətini bu şəhərdə layiqincə təmsil etmişlər. Şübhəsiz ki, mədəniyyət günləri yeni əlaqələrin qurulması və mədəniyyətin müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş üfüqlər açır.
Sumqayıtın ən böyük konsert salonuna toplaşmış tamaşaçılar Avropada tanınmış “Kodryanka” rəqs kollektivinin çıxışlarını hərarətlə qarşılamışlar. Moldova estrada musiqisinin fəxri, Yurmala beynəlxalq müsabiqəsində birinci mükafata layiq görülmüş Natalya Qordiyenko və gənc müğənni Viktoriya Lunqu sumqayıtlıların qəlbini fəth etmişlər. “Catharsis” folklor duetinin, “Concertino” akkordeonçular ansamblının, Vasili və Vitali Advaxovlar qardaşlarının idarəsi ilə xalq çalğı alətləri orkestrinin, habelə tanınmış Moldova tenoru, SSRİ-nin və Moldovanın xalq artisti Mixail Muntyanunun çıxışları böyük maraqla qarşılanmışdır. Tamaşaçılar nayçalanlardan biri olan Marina Gerasın ifasını hərarətli alqışlarla qarşılamışlar.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev və Moldovanın ölkəmizdəki səfiri İon Robu da konsertdə olmuşlar.
######
