Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriudan
Hörmətli cənab Prezident,
İcazə verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim!
Böyük Azərbaycan şairi, alim, mütəfəkkir və filosof Nizami Gəncəvi demişdir:
“Yaltaq zəncirini şir qırdı, atdı,
Odur, böyüklüyə dünyada çatdı”.
Bu sözlər müasir Azərbaycanı son dərəcə dəqiq səciyyələndirir.
Azərbaycan müstəqillik illəri ərzində bir dövlət kimi təşəkkül tapmışdır. Qeyd etmək istəyirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkə postsovet məkanında bəlkə də yeganə dövlətdir ki, orada yaxşılığa doğru dəyişikliklər ardıcıl və fasiləsiz həyata keçirilir. Əlbəttə, həmin prosesin başlanğıcında Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasi xadim, Prezident Heydər Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.
Hörmətli cənab Prezident, sürətli iqtisadi inkişaf, yoxsulluğun azalması, təhsilin səviyyəsinin yüksəlməsi, beynəlxalq aləmdə uğurlar Sizin və müstəqil Azərbaycan Respublikası xalqının qazandığı nailiyyətlərin yalnız bir qismidir.
Əlbəttə, çətinliklər də vardır. Bu, ilk növbədə, işğal olunmuş ərazilərin azad edilməsi problemidir. Təəssüflə qeyd etməliyik ki, bu məsələdə dünya birliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail ola bilməməsi, Minsk qrupunun fəal mövqe tutmaması problemin həllini ləngidir. Lakin Azərbaycanın bu məsələdə ədalətə nail olmaq istiqamətində ardıcıl səyləri mənə bunu əminliklə söyləməyə əsas verir ki, təcavüzkar tezliklə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə məcbur olacaqdır.
Azərbaycandan olan və hazırda Ermənistanda yaşayan erməni qaçqınlar artıq indi mənə müraciət edir, Ermənistanda onların hüquqlarının həyasızcasına pozulmasını və çiçəklənən Azərbaycana qayıtmaq istədiklərini söyləyirlər.
Sizin Respublika Gününüzü mən həqiqətən özüm üçün də bayram hesab edirəm. Çünki Sizin ölkənizlə dostluq etməyimə, Sizinlə şəxsən tanış olmağıma və Azərbaycan xalqının hörmətini qazanmağıma görə fəxr edirəm. Sizə, ailənizə və gözəl Azərbaycan xalqına daha böyük firavanlıq arzu edirəm.
Bayramınız mübarək!
Hörmətlə,
Aureliya Qriqoriu
Moldova Respublikasının ombudsmanı