Monqolustan Elmlər Akademiyasının prezidenti Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda olub
Bakı, 31 may, AZƏRTAC
Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademiyanın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi elm müəssisəsinin yaranma tarixi, burada prioritet elmi istiqamətlərdə aparılan tədqiqatlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, institut fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb, bir çox nailiyyətlərə imza atıb.
D.Tağıyev gənc alimlərin beynəlxalq aləmə inteqrasiyası baxımından dünyanın qabaqcıl elmi mərkəzlərində təcrübə keçmələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, MEA ilə müxtəlif elmi layihələrin həyata keçirilməsi, tədqiqatçıların qarşılıqlı ezam olunmaları vacib məsələlərdəndir.
Alim, həmçinin qonaqlara AMEA Təcrübə Sənaye Zavodunun bazasında yaradılmış Yüksək Texnologiyalar Parkı (YTP) haqqında məlumat verib. Diqqətə çatdırıb ki, YTP müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiya sahələrinin genişləndirilməsinə, eləcə də sənayedə elmin rolunun artırılmasına xidmət edir.
D.Reqdel rəhbərlik etdiyini qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, 60 ilə yaxın fəaliyyət göstərən MEA-da müxtəlif elm sahələr üzrə tədqiqat işləri yerinə yetirilib, dünya elminə inteqrasiya istiqamətində mühüm tədbirlər həyata keçirilib. Alim Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirib, bu elmi müəssisə ilə kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Görüşdə, həmçinin iki qurum arasında elmi əməkdaşlığın genişləndirilməsi, alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb, əlaqələrin davamlı inkişafı ilə bağlı müvafiq qərarlar qəbul edilib.