MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNA TƏLƏBƏ QƏBULU APARILIR
Sənədlərin qəbulu aprelin 25-dən mayın 5-dək hər gün saat 10.00-dan 17.00-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təşkil olunmuş sənəd qəbulu komissiyasında (SQK) aparılır (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17).
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim etməklə,”Ərizə forması”nı şəxsən doldurmalıdırlar:
Orta təhsil haqqında sənədin əsli (2006-cı ilin məzunları təlim dili göstərilməklə, buraxılış sinfində oxumaları haqqında arayış), şəxsiyyət vəsiqəsi (2006-cı il mayın 1-dək 16 yaşı tamam olmayan şəxslər doğum haqqında şəhadətnamənin əslini), hərbi bilet və ya çağırışçı vəsiqəsi, hamısı eyni olmaq şərti ilə yeni çəkilmiş 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, TQDK-nın hesabına 2 manat köçürülməsi haqqında qəbz (həmin məbləğ SQK-da yaradılmış kassada qəbul edilir).
Ali məktəb tələbələrinin və ya məzunlarının sənəd vermək hüququ yoxdur. Qəbul 2 mərhələdə aparılır. Birinci mərhələdə abituriyentlər 2-ci və 3-cü ixtisas qrupları üzrə TQDK tərəfindən mayın 12-də keçiriləcək test imtahanında iştirak edəcəklər. Test imtahanında, bölməsindən asılı olmayaraq, abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunacaqdır. Azərbaycan bölməsinin abituriyentləri “Rus dili və ədəbiyyatı” suallarının əvəzinə, rus dilini anlama və qavrama qabiliyyətini təyin edən testlərə cavab verəcəklər. Test imtahanı nəticəsində 500-dən yüksək bal toplayan abituriyentlər ikinci mərhələyə buraxılacaq, onlardan ən yüksək bal toplamış 3 nəfərin ödənişsiz təhsil forması, digərlərinin isə müqavilə əsasında ödənişli təhsil forması üzrə təhsil almaları üçün namizədlikləri MDBMİ-yə təqdim olunacaqdır.
İkinci mərhələ MDBMİ tərəfindən Moskva şəhərində 27 iyun – 4 iyulda aparılacaqdır. Bu mərhələdə abituriyentlər, seçdikləri fakültədən asılı olmayaraq, rus və ingilis dillərindən imtahan verəcəklər. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
MDBMİ-yə qəbul edilənlərdən aşağıdakı sənədlər tələb olunacaqdır: orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi, pasportun surəti, 3x4 sm ölçüdə ağ-qara, parıltısız 6 ədəd fotoşəkil, xroniki xəstəliklər barədə tibbi arayış, döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi, tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat, sifilis müayinəsinin nəticəsi, QİÇS infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.
Tibbi sığorta polisini almaq üçün MDBMİ-nin poliklinikasında icbari tibbi sığorta barədə müqavilə imzalanmalıdır (illik sığorta qiyməti 5800 rubl təşkil edir).
Tələbələr yataqxanada yaşamaq üçün ayda 150 ABŞ dolları ödəyirlər. Ödəmə 12 və ya 6 ay əvvəldən həyata keçirilir.
Fakültələr, ikinci mərhələ imtahanının məzmunu və nümunə tapşırıqları, təhsil haqqı barədə məlumatları www.tqdk.gov.az və www.mgimo.ru saytlarından əldə etmək mümkündür.