MOSKVADA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 1-də RF Xarici İşlər Nazirliyinin iqamətgahında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın əvvəlcə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə və Rusiya xarici işlər nazirinin müavini Andrey Denisovun iştirakı ilə geniş formatda, sonra isə təkbətək görüşü olmuşdur. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri müzakirə edilmişdir.
Danışıqlar başa çatandan sonra hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə mətbuat konfransı keçirmişlər.
Elmar Məmmədyarov bəyan etmişdir ki, Moskvada aparılan danışıqlar kifayət qədər intensiv olmuş, tənzimləmə məsələsində irəliləyiş üçün bu günə qədər problemlər yaradan bütün əngəllələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə edilmişdir. Danışıqlar faydalı oldu. Azərbaycan tərəfi öz mövqeyini şərh etdi.
Edvard Nalbandyan bildirmişdir ki, danışıqlar hər iki ölkənin prezidentlərinin Sankt-Peterburq görüşü ruhunda, ATƏT-in Minsk qrupu həmsədrlərinin Madriddə irəli sürdükləri təkliflər əsasında prezidentlərin verdikləri təlimatlara uyğun olaraq davam etdirilmişdir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü 2008-ci il sentyabrın axırlarında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası zamanı, bəlkə də daha tez baş tuta bilər.
Nazirlər suallara cavab verərkən təfsilata varmadan yalnız onu demişlər ki, məsələlərin bütün kompleksi müzakirə olunmuşdur.