DÜNYA
MOSKVADA HUMANİTAR ELMİ ƏMƏKDAŞLIQLA BAĞLI DİSKUSSİYALAR APARILMIŞDIR
Moskva, 12 mart (AZƏRTAC). Dövlət Dumasında “Humanitar elmi əməkdaşlıq modernləşmə subyekti kimi. Qanunverici cəhətlər” mövzusunda “dəyirmi masa” olmuşdur. “Dəyirmi masa”nı Elm və Elmtutumlu Texnologiyalar Komitəsi (EETK) yanında Humanitar Elmlər üzrə İctimai Şura təşkil etmişdir.
EETK-nın üzvü Nikolay Leviçev tədbiri açaraq bildirmişdir ki, humanitar sahə modernləşmənin ən mühüm tərkib hissələrindən biridir. Deputat bu gün cəmiyyətdə daha çox müzakirə mövzusu olan bir neçə modernləşmə ssenarisini sadalamışdır. Belə ssenarilərdən biri dünya elmi birliyinə inteqrasiya edən milli innovasiya sistemlərinin formalaşmasını, beynəlxalq standartların qəbul olunmasını nəzərdə tutur.
REA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi İqor Aşmarin çıxışını paraelmlərə, habelə ictimaiyyətlə elmi birlik arasındakı məsafə məsələsinə həsr etmişdir. Dövlət Dumasının İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin üzvü Konstantin Besçetnov əlavə etmişdir ki, elm ilk növbədə insanların həyatının keyfiyyətinin və iqtisadi göstəricilərinin yaxşılaşmasına xidmət etməlidir. MDU-nun kulturologiya kafedrasının professoru Valentina Fedotova isə “Rusiyanın siyasi həyatında modernləşmənin elmi və adi anlayışı” mövzusunda məruzəsində bildirmişdir ki, modernləşmənin subyektləri elmi birlik və alimlər ola bilərlər, lakin bunun üçün onlar həmin ideyaları həyata keçirməyə qadir olan siyasi qüvvələr və strukturlar tapmalıdırlar. Belə qüvvələr isə partiyalardır.
Çıxışlardan sonra elmi birliyin və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə diskussiya olmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva