MOSKVADA “İRS” JURNALININ AZƏRBAYCAN MUĞAMINA HƏSR OLUNMUŞ XÜSUSİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnal geniş oxucu kütləsini Azərbaycan xalqının bu böyük mənəvi sərvəti ilə tanış edir. Muğam haqqında söhbətlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə buraxılan “Qarabağ xanəndələri” albom-diskindən sətirlərlə başlanır. “Qarabağ muğam məktəbi” məqaləsində bildirilir ki, Azərbaycan muğamı YUNESKO-nun qərarı ilə bəşər mədəniyyəti üçün qiymətli sayılan şifahi və qeyri-maddi sərvətlər siyahısına daxil edilmişdir. Məqalədə deyilir: “Bir tərəfdən, keçmişdən miras qalan, digər tərəfdən isə, son dərəcə müasir incəsənət növü sayılan muğam hələ də pərəstiş dünyası olaraq qalır və burada ciddi təməli tələblər improvizasiya və mövzunun yaradıcı inkişafı ilə ahəngdar şəkildə uzlaşır”.
“Muğam YUNESKO-nun siyahısında”, “Muğam və Azərbaycanın müasir musiqisi”, “Muğamın beşiyi”, “Muğam Azərbaycanın aynasıdır” və digər məqalələrdə tanınmış musiqişünas alimlər bu misilsiz sənət xəzinəsi barədə düşüncələri ilə bölüşürlər. Onların fikrincə, Azərbaycan muğamının yüksək bədii dəyəri, real mədəni miqyası onu dar milli çərçivədən kənara çıxarır. Azərbaycan muğamı Qafqazın musiqi mədəniyyətini daim zənginləşdirən mənbə olmuşdur.
“İRS” jurnalına müxtəlif muğam kompozisiyaları parçalarından ibarət kompakt-disk də əlavə olunur.
Jurnalın baş redaktoru Musa Mərcanlı AZƏRTAC-ın müxbirinə demişdir ki, nəşrin nömrələrindən birini mədəniyyətimizin rəmzi olan muğama həsr etmək artıq çoxdan planlaşdırılırdı. Layihənin ideyası ondan ibarətdir ki, rusdilli, əsasən, azərbaycanlı olmayan oxucu bu mədəni fenomen haqqında dolğun təsəvvürə malik olsun.