ELM VƏ TƏHSİL
Moskvada “MDB gənclərinin beynəlxalq innovasiya sessiyası -2010” tədbiri keçiriləcəkdir
Moskva, 1 dekabr (AZƏRTAC). MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) yanında MDB ölkələri, Baltikyanı dövlətlər və Gürcüstan jurnalistlərinin Mətbuat Klubundan verilən məlumata görə dekabrın 8-də və 9-da MDB-də Elm və İnnovasiyalar İlinin yekun tədbiri - “MDB gənclərinin beynəlxalq innovasiya sessiyası - 2010” keçiriləcəkdir.
Bu tədbir ərəfəsində gənclərin humanitar, təbiət və texnika elmləri sahəsində innovasiya layihələrinin açıq müsabiqəsi keçirilmişdir.
Nanotexnologiyalar üzrə MDB Beynəlxalq İnnovasiya Mərkəzi, MDB DHƏF, MDB Gənclərinin İşləri üzrə Şura, RF İdman və Turizm Nazirliyi, “Rossotrudniçestvo” və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən təşkil edilmiş bu müsabiqənin məqsədi gənclərin humanitar, təbiət və texnika elmləri sahəsində sosial əhəmiyyətli təşəbbüslərini və layihələrini aşkar etmək və dəstəkləmək, gələcəkdə onları Birlik məkanında reallaşdırmaq, istedadlı gəncləri dövlətlərarası innovasiya fəaliyyətinə cəlb etmək, gənclərin qabaqcıl texnologiyaların tətbiqi sahəsində dövlətlərarası innovasiya əməkdaşlığına diqqəti artırmaqdır.
Müsabiqədə MDB ölkələrindən birində daimi yaşayan 18-35 yaşlarında gənc alimlər, innovator tələbələr və layihə rəhbərləri iştirak edirdilər. Müsabiqə Birlik gənclərinin öz elmi və yaradıcı potensialını daha tam üzə çıxarması üçün yeni imkanlar vermişdir. Müsabiqənin qalibləri Moskvadakı “Skolkovo” beynəlxalq innovasiya biznes məktəbində və M.V.Lomonosov adına MDU-da təcrübə keçəcəklər. Tədbirin təşkilatçıları müsabiqədə ilk üç yeri tutan iştirakçılara mükafatlar və qiymətli hədiyyələr təqdim edəcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva