MOSKVADA MDB ÖLKƏLƏRİ ƏDLİYYƏ NAZİRLƏRİ ŞURASININ BİRİNCİ İCLASI KEÇİRİLMİŞDİR
İclasda müşahidəçi qismində iştirak edən Azərbaycanı respublika Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov təmsil etmişdir.
Z.Qafarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görüşdə nazirliklərin işinin əlaqələndirilməsinə dair bəzi məsələlər müzakirə olunmuş, cinayət-icra qanunvericiliyinin eyniləşdirilməsinə və uyğunlaşdırılmasına dair tövsiyələrin hazırlanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır. Ailə qanunvericiliyi və təhsil sahəsində münasibətlərin hüquqi baxımdan nizama salınmasında təcrübə mübadiləsi haqqında məsələlər də müzakirə olunmuşdur. Müzakirələrin yekunlarına əsasən, “MDB dövlətlərinin cinayət-icra qanunvericiliyinin müqayisəli hüquqi təhlili və uyğunlaşdırılmasına dair tövsiyələr haqqında” və “MDB ölkələrinin ədliyyə nazirliklərinin ailə qanunvericiliyi və təhsil sahəsində iş təcrübəsi mübadiləsi haqqında” informasiya diqqətə çatdırılmışdır.
Z.Qafarov demişdir ki, Ədliyyə Nazirləri Şurasının iclaslarında müşahidəçilərin iştirakı barədə qərar qəbul olunmuşdur. Məsələn, MDB Dövlət Başçıları Şurasının 2005-ci ildə təsdiq etdiyi Birlik ölkələrinin Ədliyyə Nazirləri Şurası haqqında Əsasnamənin 14-cü bəndinə müvafiq olaraq, Azərbaycan nümayəndəsinin iclasda müşahidəçi qismində iştirakına icazə verilmişdir.
Z.Qafarov demişdir ki, iclasda təşkilati məsələlərə də baxılmış, Rusiyanın ədliyyə naziri Yuri Çayka MDB Ölkələri Ədliyyə Nazirləri Şurasının sədri seçilmişdir.