ELM VƏ TƏHSİL
MOSKVADA MDB ÖLKƏLƏRİ ÜÇÜN “AZƏRBAYCAN DİLİ” DƏRSLİYİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Moskva, 10 dekabr (AZƏRTAC). Moskvada, M.V.Lomonosov adına MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunda (AAÖİ) MDB ölkələri üçün “Azərbaycan dili” və “Tacik dili” dərsliklərinin təqdimat mərasimi keçirilmişdir.
MDB ölkələri üçün “Azərbaycan dili” dərsliyi Asiya və Afrika Ölkələri İnstitutunun mütəxəssisləri tərəfindən “MDB ölkələri üçün dərsliklər” layihəsi çərçivəsində Birliyin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə hazırlanmışdır. Bu nəşr ilk növbədə MDB ölkələrinin Azərbaycan dilinin əsas və ya ikinci xarici dil kimi öyrənildiyi ali məktəbləri üçün nəzərdə tutulmuşdur. Vəsait qrammatik izahatlar, mətnlər, çalışmalar və hər dərsə aid lüğətdən ibarət tematik dərslər şəklində tərtib edilmişdir. Mətnlərin mövzuları ölkəşünaslıq və məişət danışığı xarakteri daşıyır. Dərsliyin sonunda ümumi lüğət verilmişdir. Dərsliyə kompakt diskə yazılmış xüsusi linqafon kurslar əlavə edilmişdir.
AAÖİ rektoru professor Mixail Meyer tədbiri açaraq bu mərasimi Birlik ölkələrinin həyatında əlamətdar hadisə adlandırmışdır. M.Meyer MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna həmin layihənin maliyyələşdirilməsinə kömək göstərməsinə görə təşəkkürünü bildirərək MDB ölkələri arasında inteqrasiyanı dərinləşdirmək məqsədi ilə dil maneələrinin aradan qaldırılması baxımından bu cür layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu mərasimdə çıxış edərək demişdir ki, Rusiyada Azərbaycan və Tacik dilləri dərsliklərinin nəşr edilməsi faktı olduqca əlamətdar hadisədir. Səfir demişdir: “İndi Rusiyanın demək olar ki, hər bir regionunda azərbaycanlılar yaşayır və onların uşaqları Rusiyada yaşasalar da ana dilini öyrənməyə ehtiyac duyur, bunu arzu edirlər. İxtisaslaşdırılmış dərsliklər nəşri kimi layihələr məhz bu məsələlərin həllinə yönəlmişdir”.
DHƏF-in icraçı direktoru Tatyana Bubnova Fondun fəaliyyəti və onun MDB məkanında humanitar inteqrasiya sahəsində həyata keçirdiyi layihələr barəsində məlumat verərək qeyd etmişdir ki, Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri qarşılıqlı tərcümələrin inkişaf etdirilməsi, dərsliklər və kitab nəşridir. O bildirmişdir ki, həmin dərsliklər MDB ölkələrinin kitabxanalarına və ali məktəblərinə göndəriləcəkdir.
Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan və Tacikistan haqqında videoçarxlar nümayiş etdirilmişdir. Tədbir mədəniyyət proqramı ilə davam etdirilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva