MOSKVADA MİLLİ KİNEMATOQRAFİYALARIN X FORUMU KEÇİRİLƏCƏK
Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov bildirmişdir ki, yubiley forumu müxtəlif illərdə keçirilən festivalların yaraşığına çevrilən, böyük maraq və diskussiyalar doğuran filmlər kolleksiyasından ibarət “Forum: yaradıcılığın coğrafiyası” retrospektivinin X ildönümünə həsr olunmuşdur. Forum son bir ildə MDB ərazisində çəkilən ən yaxşı filmlərə baxmaq imkanı verəcəkdir. R.İbrahimbəyov onu da qeyd etmişdir ki, forum ilk dəfədir Rusiya və MDB ölkələrinin ahəngdar münasibətləri və əməkdaşlığı şəraitində keçirilir, habelə MDB dövlətləri başçılarının imzaladıqları humanitar əməkdaşlıq haqqında sazişə müvafiqdir. Onun sözlərinə görə, indi humanitar əməkdaşlığın, ilk növbədə, kinematoqrafiya sahəsində əməkdaşlığın vacibliyini hamı anlayır. O vurğulamışdır ki, milli kinofestivallar keçirildikcə, ümumi mədəni məkanı qoruyub saxlamaq, milli kinematoqrafiyanı dirçəltmək daha asan olur.
Forumda Rusiya və MDB ölkələri rejissorlarının ən yaxşı filmləri göstərilicəkdir. Azərbaycanı Rüstəm İbrahimbəyovun və Ramiz Mirzəyevin “Ailə” filmi təmsil edəcəkdir. Festival Rüstəm İbrahimbəyovun Qazaxıstanla ABŞ-ın birgə istehsalı olan “Köçəri” filmi ilə açılacaqdır.