MOSKVADA NƏŞR OLUNMUŞ “DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN QANI, CANIDIR” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, akademik Cəlal Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır.
O, akademik Cəlal Əliyevin qəsbkar Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımıza - Dağlıq Qarabağa həsr etdiyi təqdim olunan kitabında qəsbkar qonşumuzun işğalçılıq siyasəti barədə tarixi faktlarla dəqiq məlumatlar verildiyini bildirmişdir.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq aləmdə tanındığını nəzərə çarpdırmış, erməni caynağında qalan torpaqlarımızın tezliklə azad ediləcəyinə əmin olduğunu söyləmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, akademik Fuad Qasımzadə, AMEA-nın müxbir üzvləri Məsumə Məlikova, Vasim Məmmədəliyev və digər natiqlər də nəşr haqqında fikir və mülahizələrini açıqlamışlar.
Qeyd olunmuşdur ki, akademik Cəlal Əliyevin təqdim edilən əsəri tarixi faktlarla, tarixçi alimlərdən, xronikaçılardan gətirilən misallarla zəngindir. O, Qafqazda, türk torpaqlarında öz dövlətlərini yaratmaq istəyən quldur erməni siyasətçilərinin, daşnakların hiyləgər siyasətlərini ifşa edir. Kitabda Dağlıq Qarabağın əsrlər boyu Azərbaycan xalqına məxsus olmasını təsdiq edən tarixi nəşrlərə xüsusi əhəmiyyət verilir.
Nəşrin çox dəyərli tarixi əsər olduğunu qeyd edən natiqlər onun ingilis, alman, ərəb və digər dillərə tərcümə edilməsinin zəruriliyini vurğulamışlar.
Kitabın redaktoru publisist Reyhan Mirzəzadə, naşiri rusiyalı yazıçı, şərqşünas, türkoloq və tarixçi alim İqor Peçenevdir.