MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN FORMALAŞMASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ HEÇ ZAMAN UNUDULMAYACAQDIR
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 21-da “Bakı kondisioneri” ASC-də keçirilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi-praktik konfransda səslənmişdir.
ASC idarə heyətinin sədri, texnika elmləri namizədi Vaqif Heydərov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan söz açmış, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yubileyin dövlət səviyyəsində qeyd olunacağını bildirmişdir. Azərbaycan tarixinin xalqımızın həyatında mühüm rol oynamış 30 ildən artıq bir dövrünün bu dahi şəxsiyyətin adı ilə bağlı olduğu qeyd edilmişdir. Vurğulanmışdır ki, Heydər Əliyev Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxarmış, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisində əvəzedilməz xidmətlər göstərmişdir. Ulu öndər həm 1969-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə Azərbaycanın dövlətçilik salnaməsini yaratmış, məhz onun müəyyən etdiyi strateji xətt xalqımızı irəli aparmış, inkişaf etdirmişdir. Keçmiş sovet hakimiyyəti illərində kondisioner zavodu kimi qabaqcıl texnologiya sahəsinin Azərbaycanda inşa edilməsində, bununla bərabər onlarla yeni sənaye sahələrinin yaradılmasında ümummilli liderin gərgin əməyinin, dönməz qətiyyətinin xüsusi rol oynadığı qeyd olunmuşdur.
N.Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hafiz Məmmədov ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinin möhkəm təməlinin Heydər Əliyev tərəfindən qoyuluğunu, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkənin vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtulduğunu, qanunçuluğun bərpa edilərək cəmiyyətin vahid məfkurə ətrafında birləşdirildiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, 1994-cü ildə Heydər Əliyev neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi” imzalanmış, bununla da Azərbaycan xalqının öz maddi sərvətlərinin həqiqi sahibi kimi çıxış etməsinin əsası qoyulmuşdur. Bu strategiya ölkəmizin dinamik inkişafına güclü təkan vermiş, Azərbaycanın sürətli inkişafı üçün zəmin yaratmışdır.
Konfransda çıxış edən əmək veteranları Məhərrəm Babayev, İnşallah İsmayılov və başqaları Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisindəki, xalqımızın maddi rifah halının yaxşılaşmasındakı xidmətlərini yüksək dəyərləndirmişlər. Cari ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycanın hərtərəfli yüksəlişində böyük xidmətlər göstərən dövlət başçısı İlham Əliyevin namizədliyinin yekdilliklə dəstəklənəcəyi xüsusi qeyd olunmuşdur.